Norveç-Alman “DNV-GL” şirkəti Azərbaycanda külək və günəş stansiyaları üçün əlverişli relyefi olan əraziləri müəyyənləşdirib. Energetika Nazirliyinin məlumatına görə, bu barədə şirkətin eksperti İlka Levinqton məlumat verib.
“Azərbaycanda külək və günəş enerjisi potensialı kifayət qədərdir. Bu potensial üzrə ərazilərin seçilməsi və onların şəbəkələrə problemsiz qoşulması qarşıda duran əsas məsələlərdir. Külək və günəş stansiyaları üçün əlverişli relyefi olan ərazilər artıq müəyyənləşdirilib”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, seçilmiş ərazilərin şəbəkələrə əlçatanlığı vacibdir və bərpaolunan enerji mənbələri üzrə yeni stansiyaların tikilməsi üçün elektrik şəbəkələrinin yaxınlığı, onların istismar vəziyyəti və imkanları dəqiq öyrənilməlidir.
“Araşdırmaların ilkin nəticələrinə görə, mövcud ötürmə və paylama şəbəkələri bərpaolunan enerji istehsalının reallaşmasına, ümumi enerji sisteminə inteqrasiyasına imkan yaradır. Bununla belə, şəbəkənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin görülməsi də vacibdir”, - deyə İ.Levinqton bildirib.
Nazirliyin məlumatına görə, ekspert bu gün Bakıda Energetika Nazirliyinin təşkilatçılığı, bir sıra dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qanunvericilik bazası və şəbəkənin təkmilləşdirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edib.
«DNV-GL» şirkəti "Bərpa olunan və alternativ enerji mənbələri haqqında" qanun layihəsinin hazırlanmasında məsləhətçi qismində çıxış edir.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin qoyuluş gücünün 2030-cu ilədək 3461 MVt-a çatdırılması planlaşdırılır.*
N.Abbasova