Dövlət Reklam Agentliyi avtonəqliyyat vasitələrinin satın alınmasına 1 mln. 402,175 min manat yönəldəcək.
Həyata keçirilən tenderin nəticələrinə əsasən, DRA “Toyota Absheron Center” MMC ilə 10 ədəd avtomobilin (1 ədəd pikap tipli və 9 sedan tipli minik avtomobili) satın alınmasına dair 429,55 min manat məbləğində müqavilə imzalayıb. O cümlədən, “Autouniverssal” MMC ilə 10 ədəd miniven tipli avtomobilin satın alınmasına dair 281,67 min manat məbləğində müqavilə imzalanıb.
DRA-nın Gəncə İdarəsi 7 ədəd avtomobilin satın alınmasına dair müqavilələr imzalayıb : “Toyota Absheron Center” MMC ilə (2 ədəd sedan tipli avtomobil) 114,15 min manat və “Autouniverssal” MMC ilə (5 ədəd miniven tipli avtomobil) 140,835 min manat məbləğində.
Bundan əlavə, DRA-nın Sumqayıt İdarəsi 13 ədəd avtomobilin satın alınmasına dair müqavilələr imzalayıb: Toyota Absheron Center” MMC ilə (3 ədəd sedan tipli avtomobil) 154,3 min manat və “Autouniverssal” MMC ilə (10 ədəd miniven tipli avtomobil) 281,67 min manat məbləğində.
2017-ci ilin iyun ayında Azərbaycan prezidenti ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılmasına dair fərman imzalayıb. **
B.Rüstəmbəyov