İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri Bakı və Tehran arasında hərbi sahədə əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Bakıda M.Baqerini qəbul edib.
“M.Baqeri qeyd edib ki, dövlətlərimizin hərbi sahədə də əməkdaşlığı üçün geniş potensial var”, - deyə məlumatda qeyd olunur.
Baş Qərargah rəisi İranın ölkəmizin ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini, eyni zamanda, ölkəsi tərəfindən Azərbaycana hərtərəfli dəstək veriləcəyini xüsusi vurğulayıb.
Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid olaraq qaldığını qonağın diqqətinə çatdırıb. Nazir, həmçinin münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan və İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.*
F.İsazadə