Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən, Ətraf mühitin mühafizəsi departamentinin əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamenti və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Meşələrin İnkişafı Xidməti yaradılıb.
Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılacaq.
Bundan əlavə, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılacaq.
O cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilir və onun funksiyaları nazirliyin Aparatı vasitəsilə həyata keçiriləcək. **
B.Rüstəmbəyov