Azərbaycan və Ermənistanın xarici işlər naziri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında növbəti görüş bu ilin fevral ayında baş tutacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
“Parisdə baş tutmuş danışıqların yekunları üzrə XİN başçılarının növbəti görüşünün 2019-cu ilin fevral ayında keçirilməsi razılaşdırılıb”, - deyə açıqlamada qeyd olunur.
Açıqlamada tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir.
Məlumata görə, tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.*
B.Rüstəmbəyov