2018-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $7 mlrd. 993 mln. 662,43 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 58,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $30 mlrd. 923 mln. 602,59 min təşkil edib (2017-ci illə müqayisədə artım 36,8% - İF). 2018-ci ildə ixracın həcmi $19 mlrd. 458 mln. 632,51 min (artım 40,8%), idxalın həcmi $11 mlrd. 464 mln. 970,08 min təşkil edib (artım 30,5%).
İxracın strukturunda 80,78% neftin, 2,68% neft məhsullarının, 7,71% təbii qazın, 0,34% elektrik enerjisinin, 2,88% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,09% bitki və heyvan mənşəli yağların, 0,13% qəndin, 0,08% spirtli və spirtsiz məhsulların, 0,4% kimya məhsullarının, 0,61% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,41 pambıq, 0,12% pambıq ipliyin, 0,44% qara metal və ondan hazırlanan məmulatların, 0,58% alüminium və ondan hazırlanan məmulatların, 2,7% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,95% ərzaq məhsullarının, 1,45% tütün və tütün məhsullarının, 0,09% sementin, 2,53% əczaçılıq məhsullarının, 3,21% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,59% odun və agac məhsullarının, 10,48% qara metal və ondan hazırlanan məmulatların, 22,58% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,25% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,92% mebelin, 35,95% digər məhsulların payına düşüb.
2018-ci ildə xarici ticarət əməliyyatlarında 7,392 min özəl və dövlət müəssisəsi və 17,731 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 185 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2018-ci ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 30,22%-i), Türkiyə (9,38%), İsrail (6,74%), Çexiya (4,82%), Almaniya (4,01%), Hindistan (4,21%), Tayvan (3,67%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,44%), Türkiyə (13,75%), Çin (10,44%), Almaniya (5,76%), ABŞ (4,6,%), İsveçrə (4,47%), Ukrayna (4,1%) və İranla (3,62%) ilə həyata keçirib.**
N.Abbasova