2018-ci ildə Azərbaycana 2 mln. 844,889 min əcnəbi turist səfər edib, bu 2017-ci illə müqayisədə 6% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidməti məlumat verir.
“Ötən il ərzində Azərbaycana səfər edən əcnəbi qonaqların sayı ümumilikdə 153 min artaraq 2,8 mln. nəfəri keçib”, - Agentliyin məlumatında qeyd olunur.
Azərbaycana səfər edən turistlərin yarısından çoxu Rusiya və Gürcüstanın payına düşüb. Bu ölkələrdən gələnlərin sayı 3% və 13,5% artaraq, müvafiq olaraq 878,391 min və 610,124 min nəfər təşkil edib.
Agentliyin məlumatına görə, 2018-ci ildə turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiyadan müşahidə olunub. Qeyd olunan regionlardan 34,5% və 55% çox turist səfər edib. Onların sayı 2017-ci illə müqayisədə müvafiq olaraq 370,998 min və 214,390 min nəfər təşkil edib. Xüsusilə, 2018-ci ildə Səudiyyə Ərəbistanı (120%), İsrail (161%), Küveyt (81%), Pakistan (35%) və Hindistandan (75%) turist axınında artım olub.
Həmçinin, DTA qeyd edir ki, 2018-ci ildə İrandan turist axını 33,7% - 240,483 min nəfərədək, Türkiyədən 3,4% - 301,553 min nəfərdək azalıb. **
F.İsazadə