Parlamentin Mədəniyyət Komitəsi Milli Məclisin yaz sessiyası çərçivəsində kitabxana sisteminin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət ayıracaq. Bunu komitənin sədri Rəfael Hüseynov deyib.
“Kitabxanaların təkmilləşdirilməsi internet dövründə yaşamağımız səbəbindən müasirliyin aktual məsələsidir. Bu səbəbdən bu gün kitabxanalar elektron kitab məkanına çevrilməlidir”, - R.Hüseynov cümə axşamı komitənin iclasında bildirib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi yanında 3 minə yaxın kitabxana fəaliyyət göstərir.
“Bundan əlavə, müxtəlif idarələr yanında da kitabxanalar var. Kitabxanaların fəakliyyətində planlaşdırılna yeniliklər geniş oxucu auditoriyası üçün müxtəlif ədəbiyyatı əlçatan edəcək”, - deyə o bildirib ki, yaxın zamanda “Kitabxanalar haqqında” qanuna dəyişikliklər Komitə tərəfindən parlamentin müzakirəsinə çıxarılacaq.
Həmçinin, R.Hüseynov qeyd edib ki, rəhbəri olduğu komitə tərəfindən “Kinematoqrafiya haqqında” qanuna təkliflər hazırlanıb.
“Komitəmiz “Kinematoqrafiya haqqında” qanun layihəsinə təkliflər hazırlayıb. Həmin təkliflər kino xadimləri üçün müəyyən güzəşt və imtiyazları nəzərdə tutur ki, onlar olmadan milli kinematoqrafiyanın inkişafı ciddi problemlərlə üzləşəcək. Azərbaycanda çox maraqlı, istedadlı kinematoqrafçılar nəsli yetişir, onlara fəaliyyətləri üçün müvafiq şərait yaratmaq lazımdır”, - R.Hüseynov deyib.
Onun sözlərinə görə, parlamentin yaz sessiyasının plenar iclasına həmçinin “Muğam sənəti haqqında” qanunun çıxarılması planlaşdırılır.
“Bundan başqa, komitə tərəfindən “Aşıq sənətinin qorunması və inkişafı haqqında” qanun layihəsi hazırlayıb. Məlumdur ki, Azərbaycan dövləti, həmçinin UNESCO səviyyəsində milli muğam və aşıq sənətinin beynəlxalq təbliğatı məqsədilə mühüm səy göstərir”, - R.Hüseynov bəyan edib.
O cümlədən, komitənin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara Seçki Məcəlləsinə düzəlişlərin daxil edilməsi, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiqi ilə bağlı məsələlər nəzərdən keçirilib.Qeyd olunan bütün məsələlərin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub. **
R.Babayev