Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Bakı və Tehrana birgə hərbi təlimlər keçirməyə imkan verəcək. Bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri deyib.
“Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması müəyyən birgə tədbirlər, o cümlədən hərbi təlimlər keçirməyə imkan verir”, - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Baş Qərargah rəisi qeyd edib ki, son illərdə Azərbaycan-İran münasibətləri iqtisadi və siyasi sahələrdə irəliləyişlə səciyyələnir, bir sıra birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək. «Biz Bakıda səmərəli danışıqlar apardıq, müəyyən nəticələr əldə etdik. İran dost və qardaş ölkə hesab etdiyi Azərbaycanda inkişaf və sabitliyin tərəfdarıdır», - deyə M.Baqeri bildirib.
O vurğulayıb ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə və məcburi köçkünlərin öz evlərinə qayıtmasına tərəfdardır.*
F.İsazadə