“BP-Azerbaijan” şirkəti 2018-ci ildə “Şahdəniz” yatağından 11 mlrd. 369 mln. kubmetr qaz hasil edib, bud a 2017-ci ilin göstəricisindən 11,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
2018-ci ildə “Şahdəniz” yatağından hasilatın həcmi 11 mlrd. 369 mln. kubmetr qaz təşkil edib (artım 11,8% - İF). Həmçinin hesabat ilində yataqdan 2 mln. 54 min ton kondensat hasil olunub (artım 7,8% - İF).
Nazirliyin məlumatına görə, 1 dekabr 2018-ci il tarixinə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində ilk qaz hasilatı üzrə işlər 100%, yatağın tam həcmdə işlənməsi üzrə işlər – 93%, Cənub-Qafqaz qaz magistralının genişlənməsi üzrə işlər – 99,8%, TANAP-ın tikintisi üzrə işlər – 98,8%, TAP-ın tikintisi üzrə işlər - 82,4% icra olunub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda bu yatağın işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. “Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq. ** N.Abbasova