Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanın iqtisadi inkişafına imkanlar açacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
““Münaqişənin nizamlanmasında irəliləyişin əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq”, - deyə o, “İnterfaks” agentliyinə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, rəsmi Bakı digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır.
“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəmizin mövqeyi dəfələrlə ən yüksək səviyyədə səsləndirilib. Münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməlidir”, - deyə E.Məmmədyarov qeyd edib.
“Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”, - deyə o bildirib.
XİN başçısı əlavə edib ki, danışıqların formatı dəyişməyib.*
F.İsazadə