Regionlararası səviyyədə qarşılıqlı əlaqələrin inkişafı Azərbaycan-Rusiya münasibətlərinin prioritetlərindən biridir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Regionlararası səviyyədə qarşılıqlı əlaqələrin inkişafı münasibətlərimizin prioritetlərindən birini təşkil edir”, - E.Məmmədyarov “İnterfaks”a müsahibəsində bildirib.
Azərbaycanlı nazirin sözlərinə gör, bununla əlaqədar Sankt-Peterburq ilə ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın istifadə olunan və uğurla həyata keçirilən mövcud formatlarına xüsusi diqqət ayrılır.
“Diqqətəlayiqdir ki, 2020-ci ildə Azərbaycan Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda iştirak edəcək. Bu Forum dünyanın mədəniyyət həyatında ən nüfuzlu tədbirlərdən biridir”, - E.Məmmədyarov əlavə edib.
O, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun gələcəkdə də Azərbaycanla Rusiyanın Şimal paytaxtı arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyinə və səy göstərəcəyinə ümidvar olduğunu vurğulayıb. **
F.İsazadə