Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmana əsasən, Prezidentinin Administrasiyasına hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, qeyd olunan müddətdə eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təklifləri dövlət başçısına təqdim etmək tapşırılıb.
Eyni zamanda, fərmana əsasən, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması nəzərdə tutulur. Müvafiq təkliflər Azərbaycan prezidentinə təqdim edilməlidir.
Bundan başqa, Nazirlər Kabinetinə üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını müəyyən etmək, siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etmək tapşırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyasını və ekspertizasını həyata keçirmək, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin mərkəzləşdirilmiş qaydada nazirliyin DATA mərkəzi vasitəsilə həyata keçirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq vəsait həddində dividendin tabeliyindəki qurumlar tərəfindən dövlət büdcəsinə ödənilməsini təmin etmək tapşırılıb. **
F.İsazadə