BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan XİN başçılarının iki ölkə əhalisinin sülhə hazırlanmasına dair razılaşmasını yüksək qiymətləndirib.
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirir və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayıram”, - A.Quterreşin Azərbaycan və Ermənistan XİN başçılarının yanvarın 16-da Parisdə keçirilən görüşünün yekunlarına dair bəyanatında deyilir.
Baş katib vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı vasitəçilik səylərini tam dəstəkləyir.
Xəbər verildiyi kimi, görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar. Vasitəçilərin bəyanatında deyilir ki, Bakı və İrəvan hər iki ölkənin əhalisinin sülhə hazırlanmasına yönələn tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını qeyd ediblər.
“Həmçinin nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin geniş dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə razlığa gəliblər”, - bəyanatda qeyd olunur.
O cümlədən, sənəddə deyilir ki, görüş zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və parametrlərini nəzərdən keçiriblər.
“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini vurğulayıblar. Onlar yaxın vaxtlarda iki ölkənin liderləri ilə görüşməyi planlaşdırırlar, - bəyanatda deyilir. **
F.İsazadə