Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının alınması üçün dövlət tərəfindən ayrılan vəsaitin məbləğinin artırılmasını zəruri hesab edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
“Dövlət onkoloji xəstələrin müalicəsinə qayğı göstərir, dərman preparatlarının alınmasına vəsait ayırır. Bununla belə, hazırda bu məqsədlər üçün daha çox maliyyə vəsaitinin ayrılması tələb olunur», - deyə o, bu gün komitənin iclasında bildirib.
Sədrin sözlərinə görə, 10 ildən çoxdur Azərbaycanda onkoloji xəstələr üçün dərman vasitələrinin alınmasına pul ayrılır.
«Əvvəllər bu, böyük məbləğ idi və onkoloji xəstələrin müalicəsi üçün kifayət edirdi, lakin devalvasiya və yeni müalicə üsulları daha çox maliyyə vəsaiti tələb edir. Bugünkü preparatlar olduqca bahadır. Bu sahəyə böyük diqqət ayrılmalıdır», - deyə o qeyd edib.
İclasda çıxış edən deputatlar şəkər xəstələri və apteklərdə antibiotiklərin satışı ilə bağlı məsələləri də qaldırıblar.
Ə.Əmiraslanovun fikrincə, antibiotiklərin satışı yalnız resept əsasında həyata keçirilməlidir. «Bütün dünyada antibiotiklər reseptsiz satılmır. Azərbaycanda isə onları çox rahatlıqla almaq olur. Ancaq antibiotiklər sağlamlığa ciddi zərər vura bilər», - deyə komitə sədri əlavə edib.
2019-cu il dövlət büdcəsində onkoloji xəstəliklərlə mübarizə məqsədilə 41,1 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.*
R.Babayev