Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması məsələsi ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880 min nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycana səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Rusiya XİN mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan XİN-in mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya XİN mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi.
“Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Bir daha bildiririk ki, Rusiya XİN mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək", - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov