Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinə son qoymağa və Cənubi Qafqaz regionunun rifahı naminə möhkəm sülhə nail olmağa çağırıb.
Rəsmi nümayəndənin bəyanatında deyilir ki, son aylarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlar, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirlərinin görüşləri (XİN başçılarının sonuncu görüşü 2019-cu il yanvarın 16-da Parisdə baş tutub) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş üçün müsbət işarədir.
“Avropa İttifaqı onların nəticələrinin, o cümlədən xarici işlər nazirlərinin əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin vacibliyi barədə bu yaxınlarda əldə etdikləri razılaşmanın tam reallaşdırılmasını, həmçinin danışıqların aktivləşdirilməsinə yönəlmiş addımlara baxılmasını səbirsizliklə gözləyir”, - deyə bəyanatda vurğulanır.
Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi əmin edib ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə və təkliflərinə tam dəstəyini davam etdirir.
“Cənubi Qafqaz regionuna öz potensialını reallaşdırmağa kömək edəcək davamlı sülhdən hamı qazanacaq", - deyə bəyanatda qeyd olunur.*