Azərbaycan gömrükçüləri İran vətəndaşı tərəfindən 200 qramdan çox narkotik vasitənin, o cümlədən 105 qram heroinin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
“Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn bu ölkənin vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 6 ədəd yumru, uzunsov formalı bağlama və bir ədəd kiçikölçülü büküm aşkarlanıb. Baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən narkotik vasitə - heroin, 4 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən psixotrop maddə - metamfetamin və bir ədəd xırda ölçülü bükümdə isə ümumi çəkisi 6 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb”, - deyə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında qeyd olunur.
Bundan başqa, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan vətəndaşının avtomobilinə gömrük baxışı zamanı 2 qram marixuana aşkar edilib.*
R.Babayev