Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində ölkədə qarşıdurma yaratmağa cəhd edən müəyyən qrupların olduğunu qeyd edir.
“Ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmağa cəhdlər edirlər, bu cəhdlər zamanı mitinqlərdən istifadə edirlər”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycan rəhbərliyinin qarşısında duran ən vacib məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaq, eləcə də xalqın rifahını təmin etməkdir.
“Azərbaycan demokratik dövlətdir, kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Bu gün mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zamanı arxada qalıb”, - deyə M.Qurbanlı qeyd edib.
O vurğulayıb ki, ötən gün "Məhsul" stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir. Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər söyləyirlər və onların boyat fikirlərinə xalq heç də reaksiya vermir. Çünki onların dediklərində hər hansı yenilik yoxdur.*
R.Babayev