Azərbaycan və Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə 11 sənəd imzalamağa hazırlanır. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.
“Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın müqaviləı-hüquqi bazasına 20 sənəd daxildir. Hazırda daha 11 sənəd üzərində iş davam etdirilir”, - Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, O.Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri ilə görüş zamanı bildirib.
O.Əsədov qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə əlaqələr inkişaf etməkdədir. “Azərbaycanda Səudiyyə Ərəbistanı investisiyalı 16 müəssisə fəaliyyət göstərir. Onların fəaliyyət dairəsi, əsasən bank, sığorta, sənaye, xidmət və ticarət sahələrini əhatə edir”, - parlamentin sədri bildirib.
Həmçinin, O.Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz ədalətli mövqeyinə, bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə qarşı tərəfə minnətdarlığını ifadə etdi. Səudiyyə Ərəbistanı parlamentinin gələcəkdə Xocalı soyqırımı ilə bağlı məsələyə münasibət bildirəcəyinə ümidvar olduğunu söylədi.
Fayez bin Abdulla Əl-Şəhri Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu söylədi. O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan etdi.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. **
R.Babayev