2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin sayı 76,493 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci il dekabr ayının 1-nə respublika əhalisinin sayı 9 mln. 974,578 min nəfər təşkil edir.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 115 nəfərdir.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1005 min qadın düşür.
Yanvar-noyabr aylarında ölkə üzrə 127,681 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Doğulan körpələrin 53,4%-i oğlan, 46,6%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 2,462 mini əkiz, 108-i isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 52,733 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,8 təşkil edib.
2018-ci ilin 11 ayı ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 56,888 min nikah (2017-ci ilin analoji dövrü ilə müqayisədə azalma 0,5% - İF) və 13,655 min boşanma halı qeydə alınıb (artım 2,3% - İF).
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,103 min nəfər gələn və 1,558 min nəfər ölkədən gedən qeydə alınıb.**
R.Babayev