Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfər çərçivəsində İ.Əliyev Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
“Görüş zamanı Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə İ.Əliyev və B.Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi”, - məlumatda deyilir.
İ.Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək bildirdi ki, “biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq”.
B.Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var.
Dünya İqtisadi Forumu çərçivəsində İ.Əliyev Rusiyanın “Rossiya 1” və Çinin CGTN (China Global Television Network) televiziya kanallarına müsahibə verib. **
N.Abbasova