İki il cəza çəkən bloger Mehman Hüseynov barəsindəki yeni cinayət işinə xitam verilib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat verir.
“Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, M.Hüseynov həbsxanada özünün iştirakı ilə baş vermiş insidentin ədalətli araşdırılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Prezident İ.Əliyev bloger Mehman Hüseynovun işinin ədalətli araşdırılması ilə bağlı tapşırıq verib. Bu barədə Azərbaycan prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov bəyan edib. “Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib”, - F.Ələsgərov qeyd edib.
3 mart 2017-ci il tarixində Suraxanı rayon Məhkəməsinin iclasında M.Hüseynova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə hökm oxunub.
Bir müddət əvvəl M.Hüseynov Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.O, blogerin böhtan atma maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Bir sıra KİV-in məlumatına görə, 26 dekabr 2018-ci il tarixində M.Hüseynov həbsxana əməkdaşını vurmasında ittiham olunub. Buna cavab olaraq bloger aclıq elan edib. **
R.Babayev