“Visa” beynəlxalq ödəniş sistemi Azərbaycanda əməliyyatların genişlənməsində maraqlıdır, ictimai nəqliyyatda nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazırdır. Dövlət başçısının saytında dərc olunan məlumata görə, bunu Visa” şirkətinin prezidenti Rayan MakInerni deyib.
“Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edilir. Şirkət ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlıdır, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazırdır”, - R.MakInerni Davosda Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı bildirib.
R.Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Azərbaycan prezidenti ilə görüşmək olduğunu vurğuladı.
O, Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi.
R.Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi.
İ.Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını bildirdi. Onun sözlərinə görə, bu islahatların nəticələri beynəlxalq reytinqlərdə əks olunub. **
R.Babayev