“Procter and Gamble” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməkdə maraqlıdır.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə danışıqlar aparıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verir. Ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, “Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir”, - L.Tassel bildirib.
Onun sözlərinə görə, şirkət regionda fəaliyyətini genişləndirmək niyyətindədir. “Bu məqsədlə Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub”, - L.Tassel qeyd edib.
Öz növbəsində, İ.Əliyev Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan danışdı. Dövlət başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarı dəstəklədi. O qeyd etdi ki, Bakı investorlara, sahibkarlara bundan sonra da dəstək verəcək. **
Ə.Məmmədov