Azərbaycanda 78 modul dərsliyin hazırlanması üzərində iş aparılır. Bu barədə təhsil nazirinin müavini İdris İsayev məlumat verib.
“Təhsil sahəsində islahatlar reallaşdırılır, onların çərçivəsində 78 modul dərsliyin hazırlanması nəzərdə tutulur”, - İ.İsayev “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, islahatlar çərçivəsində 81 ixtisas üzrə məqsədli tədris proqramları hazırlanıb.
“O cümlədən, 55 yeni dərslik və 50-dən artıq modul tipli dərs ləvazimatı buraxılıb”, - nazir müavini vurğulayıb.
İ.İsayev qeyd edib ki, 2018-ci ildə peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil olunub.
Onun sözlərinə görə, peşə təhsil müəssisələrinin məzunları bu gün əmək bazarının müasir tələblərinə fəal uyğunlaşırlar.
“Misal üçün, son zamanlar turizm sahəsi üzrə məzunların 62,3%-i, informasiya texnologiyaları üzrə 73%-i, xidmət sahəsi üzrə 69%-i işlə təmin olunub”, - nazir müavini qeyd edib. **
R.Babayev