Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Tərəflər “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur İ.Əliyev “Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.
Həmçinin həmsöhbətlər “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mayın 31-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişi imzalanıb. İyunun 29-da Milli Məclis sazişi ratifikasiya edib. Sənəd iyulun 5-də qüvvəyə minib. Layihənin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” haqqında sazişə əsasən “Equinor” şirkəti 12 ay ərzində müqavilə sahəsində ehtiyatların qiymətləndirilməsi üçün bir kəşfiyyat quyusu qazacaq. Qazmanın nəticələri layihənin kommersiya cəhətdən əlverişliliyini təsdiq edərsə, işlər davam etdiriləcək. Əks halda, “Equinor” müqavilədən çıxmaq hüququna malikdir.
“Equinor” şirkəti 2019-cu ilin mart ayının ortalarında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv strukturlar blokunda seysmik kəşfiyyat işlərinə başlamağı planlaşdırır. **
N.Abbasova