Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşeliyi təsis edilib. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Z.Həsənov bu gün Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb.
“Nazir ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətinə toxunaraq Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşeliyinin təsis edildiyini, iki ölkə arasında hərbi sahədə sazişin hazırlandığını və Azərbaycan Müdafiə Nazirliyinin yüksək nümayəndə heyətinin Ər-Riyada rəsmi səfərinin planlaşdırıldığını qeyd edib”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.
Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.
Diplomat bəyan edib ki, Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir.*
F.İsazadə