Azərbaycan gömrükçüləri İrandan respublika ərazisinə yuyucu tozun içərisində 2 kq heroin keçirmə cəhdinin qarşısını alıblar.
“Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşları Ramid Vəliyev və Surxay Fərəcov saxlanılıb və yoxlama aparılıb. Onların əl yüklərinə baxış keçirilib. Baxış zamanı qara sellofan torbada, üzərində "Soflan" yazısı olan 3 ədəd yuyucu toz qutularının içərisindən narkotik vasitələri ilə 4 ədəd sellofan bağlama müəyyən edilib”, - Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
3 ədəd bağlamada qablaşdırılması ilə birgə çəkisi 2005 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 bağlamada isə qablaşdırılması ilə birgə çəkisi 100 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin aşkarlanıb. **
R.Babayev