2018-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 359,4 mln. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 26,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 66,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Komitədən bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 3 mln. 2,6 min gecələmə keçirilib (artım 15,9%). Gecələmələrin 59,1%-i Bakıda, 10,4%-i Qəbələdə, 5,4%-i Xaçmazda, 3,6%-i Qusarda, 4,1%-i Naftalanda, 3,8%-i Qubada, Naxçıvan Muxtar Respublikası, Gəncədə, Qaxda hər birində 0,9%-i mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 2 mln. 49,7 min təşkil edib ki (artım 20,3%), bu da ümumi gecələmələrin 13,8%-ni təşkil edir. Gecələmələrin 13,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,3%-i Rusiya Federasiyası, 4,9%-i İran, 4,3%-i Türkiyə, 8,8%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Böyük Britaniya və ABŞ, 2,5%-i Hindistan 2,4%-i Qətər, 2,7%-i İraq, 2,2%-i Pakistan, 3,1%-i İsrail, 3,1%-i Küveyt, 1,6%-i Qazaxıstan, 1,2%-i Almaniya, qalanı digər ölkələrin vətəndaşlarının payına düşüb.
2018-ci ildə mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,4% təşkil edib. Bu göstərici Bakıda 36,1%, Naftalanda 54,8%, Ağstafada 32,7%, Qəbələdə 37,3%, Şəmkirdə 30,4%, Beyləqanda 26,3% səviyyəsində olub.**
Ə.Məmmədov