“Fitch” Beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanın xalis xarici aktivləri ÜDM-in 83,1%-dək artacağını proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında deyilir.
Agentliyin analitiklərinin rəyinə görə, 2020-ci ildə xalis xarici aktivlərin həcmi ÜDM-in 84,7%-nə çatacaq.
“Qiymətləndirmələrimizə əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın xalis xarici aktivləri ÜDM-in 75,4%-ni təşkil edəcək. Eyni zamanda, davamlı xarici əmanətlər gələcəkdə də xalis xarici aktivlərin həcminin artımını dəstəkləyəcək. Proqnozlarımıza görə, 2019-cu ildə onların həcmi ÜDM-in 83,1%-nə, 2020-ci ildə - ÜDM-in 84,7%-nə çatacaq”, - məlumatda qeyd olunur.
O cümlədən, agentlik 2019-cu ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 8,4%-dək artımını proqnozlaşdırır. “Şahdəniz-2” yatağından hasilatın artırılması karbohidrogen ixracının artımına səbəb olacaq, bu da idxalın artmasını ödəyir. Rusiya tərəfindən ASK məhsullarının ixracına yüksək tələbat, davamlı turizm sektoru və karbamid zavodunun istifadəyə verilməsi qeyri-neft məhsulları və xidmətlərin ixracına stimul verəcək”, - “Fitch”in məlumatında bildirilir.
Həmçinin, agentlik 2019-cu ildə Azərbaycanın icmal büdcənin profisitinin ÜDM-in 3,4% səviyyəsində olacağını gözləyir. “2018-ci ildə hökumət icmal büdcənin profisitini ÜDM-in 3,4% səviyyəsində qeydə alıb, bu da ARDNF-nin daha yüksək gəlirləri ilə şərtlənir. “Fitch”in proqnozlarına görə, 2019-cu ildə icmal büdcənin saldosu ÜDM-in 3,4% səviyyəsində qalacaq, bu da karbohidrogen ixracından gəlirlər və xərclərin orta artımı ilə dəstəklənəcək. 2019-cu ildə Azərbaycanın ümumi dövlət borcu “BB” reytinqi üçün cari orta 48,1% göstərici ilə müqayisədə ÜDM-in 18,4% səviyyəsində proqnozlaşdırılır”, - agentliyin məlumatında deyilir.
“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətli reytinqlərini “BB+” səviyyəsində təsdiq edib, proqnoz “stabil” saxlanılıb.
“Fitch”in qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycan ÜDM-in 2018-ci ildə 1,3% artımdan sonar 3,5% artacaq. **
Ə.Məmmədov