2017-2018-ci illərdə Azərbaycanda ixracın təşviqi mexanizmi çərçivəsində qeyri-neft məhsullarının ixracatçılarına dövlət büdcəsindən 8 mln. manat ödənilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
"İxracın təşviqi mexanizmi çərçivəsində 2017-2018-ci illərdə ixracatçılara dövlət büdcəsindən 8 mln. manat qaytarılıb”, - deyə o, bu gün bildirib.
Nazirin sözlərinə görə, təşviqin ödənildiyi sahibkarlar tərəfindən ixracın ümumi məbləği 114,2 mln. manat təşkil edib.
2016-cı ilin oktyabr ayında Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı təsdiq edib. Hökumətin qərarına əsasən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-ni təşkil edir. Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edirlər.
Nazirlər Kabinetinin qərarına əsasən mallara aşağıdakı əmsallar tətbiq olunur: bal – 1,5, qurudulmuş meyvələr – 1,5, xurma – 1, nar – 1, unlu qənnadı məmulatları – 1,5, sirkə və ya sirkə turşusundan istifadə olunub-olunmamasından asılı olaraq konservləşdirilmiş meyvə və tərəvəz – 1,5-2, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası – 2, meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi – 2, souslar və ədviyyatlar – 2, təbii və ya süni mineral sular, qazlı sular - 1,5, alkoqolsuz içkilər – 1,5, şərab və digər spirtli içkilər – 2, Naftalan mazı – 2, təbii dəridən geyim əşyaları və digər məmulatlar – 2, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları – 2, ipək – 1,5, xalça – 2, yumurta (quşçuluq) - 1,5, fındıq ləpəsi - 1, zeytun yağı və onun fraksiyaları - 1,5, nar şərabı daxil olmaqla meyvə şərabları (üzüm şərabı istisna təşkil edir) - 2.
2018-ci il dövlət büdcəsində qeyri-neft məhsullarının ixracatçılarına təşviq ödənişi 10 mln. manat məbləğində nəzərdə tutulub.*
B.Rüstəmbəyov