Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan fevralda Münhen Təhülkəsizlik Konfransı çərçivəsində Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Qarabağa dair görüş imkanını istisna etmir.
“Fevralda Münhendə olacam. Bilirəm ki, E.Məmmədyarov da orada olacaq. Deyə bilərəm ki, Paris və Davosda görüşlərimiz çox əhəmiyyətli olub. Keçirilən görüşlər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələr aparırıq. Heç nə istisna olunmur. Tarixi və digər məsələləri razılaşdırmağa çalışırıq”, - Z. Mnatsakanyan bu gün İrəvanda Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə birgə mətbuat konfransında bildirib.
Öz növbəsində, Y.Han bəyan edib ki, Aİ Ermənistan və Azərbaycan XİN başçıları və bu yaxınlarda Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında görüşləri yüksək dəyərləndirir.
“Görüşlərin davam edəcəyinə ümid edirik”, - Y.Han vurğulayıb. **