2019-2023-cü illərdə Azərbaycan regionlarının inkişafına ümumi investisiyaların həcmi ilkin hesablamalara görə 17 mlrd. manatı ötəcək (cari məzənnə ilə $10 mlrd.-dan çox). Bunu prezidenti İlham Əliyev deyib.
İ.Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
“İlkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 mlrd. manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 mlrd. manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 mlrd. manata yaxın kapital qoyuluşu gözlənilir”, - İ.Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib.
Onun sözlərinə görə, bu, ilkin rəqəmdir, lakin “mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq”.
İ.Əliyev vurğulayıb ki, dördüncü proqramın prioritetləri ASK və sənayeləşmə sektorunun inkişafıdır.
Həmçinin, dövlət başçısı konfransda ASK sektoru üçün bir sıra vəzifələri müəyyən edib. “Misal üçün, son 15 il ərzində ət istehsalını 196 min tondan 2018-ci ildə 326 min tonadək artıra bildik. Yaxın 5 il ərzində ət istehsalı 15% artmalıdır”, - prezident bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə süd istehsalı 2 mln. ton təşkil edib, gələcək 5 il ərzində istehsalın həcmi 15-20% artmalıdır.
İ.Əliyev vurğulayıb ki, ASK sektoru Azərbaycana valyua daxilolmalarının təminatı üçün mühüm əhəmiyyət kəsb edir. “2018-ci ildə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsulları - pomidor - 177 mln. dollar, xurma - 114 mln. dollar, pambıq və pambıq məmulatları - 108 mln. dollar, fındıq - 100 mln. dollara yaxın və alma - 38 mln. dollar”, - o qeyd edib.
Prezident əlavə edib ki, Azərbaycanda meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə 1 mln. ton olub. **
F.İsazadə