Azərbaycan prezidenti İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları olan dövlətlərin sayının artımını gözləyir.
“Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır”, - İ.Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib.
Dövlət başçısı qeyd edib ki, hökumət neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəldib ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin.
“Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin”, - o bildirib.
Prezidentin sözlərinə görə, bunun sayəsində Azərbaycanın geosiyasi əhəmiyyəti artacaq, həm də valyuta daxil olacaq.
“Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə