Ağstafa rayonunda mebel istehsalı ilə məşğul olan “Saloğlu” şirkəti istehsalın genişləndirilməsi üçün yeni zavodun tikintisinə başlayıb. Bu barədə şirkətin direktoru Tacəddin Mustafayev məlumat verib.
«Hazırda şirkət 400 nəfərlik kollektivlə fəaliyyət göstərir. İstehsal sahələrimizi genişləndirməklə 2,5 min iş yerinin açılmasını hədəf götürdük. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17,5 min kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlamışıq”, - deyə o, regionların inkişafına həsr olunan konfransda bildirib.
Direktorun sözlərinə görə, layihənin ümumi dəyəri 25 milyon manat (cari məzənnə ilə $14,7 mln.) təşkil edir.
“Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlət dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcəyik”, - deyə T.Mustafayev əlavə edib.
Bakıda və bölgələrdə “Saloğlu” şirkətinin 13 ixtisaslaşmış mebel mağazası fəaliyyət göstərir.*
Ə.Məmmədov