“DOST İş Mərkəzi” MMC yanvar ayında 16 min vətəndaşla ödənişli ictimai işlərin yerinə yetirilməsi haqqında əmək müqaviləsi bağlayıb. Bunu mərkəzin direktoru Niyazi Rəhimov deyib.
““İşsizin DOSTu” proqramı 2019-cu ildə 30 minədək işsizin ödənişli ictimai işlərə cəlb edilməsinə yönəldilib. Yanvar ayında biz 16 min vətəndaşla ödənişli ictimai işlərin yerinə yetirilməsi haqqında əmək müqaviləsi bağlamışıq”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Direktorun sözlərinə görə, 3 min əmək müqaviləsi Bakı şəhərini, 13 min əmək müqaviləsi isə bölgələri əhatə edir. Bütövlükdə, proqram paytaxt üzrə 5-6 min nəfəri əhatə edəcək.
N.Rəhimov vurğulayıb ki, fevralda əmək müqaviləsinin bağlanacağı şəxslərin sayı 30 min nəfərə çatacaq. Proqram çərçivəsində ödənişli ictimai işlərə cəlb edilən işsiz şəxslər xüsusi təhsilə malik olmaya bilər. «Söhbət xüsusi bilik və təcrübə tələb etməyən abadlaşdırma, ərazilərin təmizlənməsi, meşə və parkların sağlamlaşdırılması, yeni parkların salınması, ekoloji vəziyyətin sağlamlaşdırılması və s. işlərdən gedir”, - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, proqramın büdcəsi 80 mln. manatdır. «Beləliklə, 1 illik əmək müqaviləsinin bağlandığı hər bir şəxs orta hesabla 203 manat alacaq. “DOST İş Mərkəzi” tərəfindən ödənilən bu əmək haqqına sosial sığorta, işsizlikdən sığorta ödənişləri daxildir. Proqrama cəlb edilən işsiz şəxslər natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyirlər», - deyə N.Rəhimov bildirib.*
R.Babayev