SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Almaniyanın “EWE A.G” enerji şirkətinin Türkiyədəki aktivlərini satın alıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətləri satın alıb. 2007-ci ildə Türkiyə bazarına daxil olan EWE Turkey Holding enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom vasitəsilə fəaliyyət göstərirdi”, - deyə məlumatda bildirilir.
Dəyəri açıqlanmayan satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.
““EWE Turkey” şirkətinin satın alınması təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq, SOCAR-ın son istehlak bazarına birbaşa çıxışını təmin edəcək”, - deyə məlumatda qeyd olunur.
SOCAR 2013-cü ildən etibarən Türkiyə bazarında ildə 1,2 milyard kubmetr təbii qazın topdan satışını həyata keçirir. SOCAR-ın Türkiyədə təbii qaz paylanma biznesinə daxil olması istehsal-nəql-paylanma zəncirinin bütün halqalarını tamamlayan və kommersiya baxımından olduqca əlverişli olan strateji bir addımdır. Buna görə qarşıdakı dövrdə bazarda mövcud digər imkanları dəyərləndirməyə davam edəcəyik”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayevvurğulayıb.
Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan EWE Turkey Holding 2017-ci ilin sonuna qədər təxminən 2.4 milyard TL-lik dövriyyəyə nail olmuşdu.
Daha əvvəl Türkiyə mətbuatının yaydığı məlumata görə, “EWE A.G” “Bursagaz AS” və “Kayserigaz AS” qazpaylayıcı şəbəkələrindəki 80%-lik payını satmağa qərar verib və potensial alıcılar arasında SOCAR və “Kolin” şirkəti də var. Aktivlərin ümumi dəyəri $200-250 mln. təşkil edib.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.*
N.Abbasova