2018-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) gəlirləri 9 mln. 413,001 min manat, xərcləri 13 mln. 921,641 min manat təşkil edib. Bu barədə partiyanın saytında məlumat verilir.
2018-ci ildə partiyanın gəlirləri 9 mln. 413,001 min manat olub. Bunun 8 mln. 45,144 min manatını üzvlük haqları, 1 mln. 367,857 min manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Bundan əlavə, 2017-ci ilin sonuna partiyanın cari və ehtiyat hesablarında 6 mln. 446,014 min manat olub.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 mln. 671,869 min manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 633,991 min manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 184,197 min manatı ezamiyyə xərclərinə, 447,067 min manatı inventarların alınmasına, 6 mln. 882,258 min manatı Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının tikintisinə, qalan məbləğ isə sair xərclərə sərf edilib.
1 yanvar 2019-cu il tarixinə partiyanın cari hesablarında 1 mln. 937,374 min manat qalıb.
YAP İdarə Heyətinin iclasında 2019-cu ilin birinci yarımilliyinə dair iş planı, 2018-ci ilə dair illik hesabat, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurasının tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat, partiyanın 2018-ci il üzrə maliyyə hesabatı müzakirə olunub.
Ötən il Yeni Azərbaycan Partiyasının sıralarına 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 732 min nəfəri keçib.*
R.Babayev