Gürcüstana əsas təbii qaz tədarükçüsü “SOCAR Georgia Gas” (SGG, ARDNŞ-nin törəməsi) martın 1-dən etibarən pərakəndə şəbəkənin kommersiya abonentləri üçün 1 kubmetr qazın tarifini 10,5% - 0,95 lariyə qədər (ƏDV daxil olmaqla) artırdığını elan edib (cari məzənnə ilə $0,36-ya yaxın).
SGG-nin məlumatında qeyd olunduğu kimi, “qiymətin təshih olunması milli valyutanın (lari) mübadilə məzənnəsinin ABŞ dollarına nisbətən dəyişilməsi və qazın bölüşdürülməsi tarifi ilə şərtlənir”.
Yeni tarif martın 1-dən etibarən qüvvəyə minir.
Məlumatda deyilir ki, uzun illər ərzində bütün Gürcüstan üzrə təbii qazın tədarükü və bölüşdürülməsi ilə məşğul olan “SOCAR Georgia Gas Ltd” şirkəti indiyədək regionda qazlaşdırmanın inkişafı və qaz infrastrukturlarına $300 mln.-dan çox yatırım edib, nəticədə yüz minlərlə şəbəkə və kommersiya obyektləri əlavə olaraq təbii qazdan istifadə imkanı əldə edib.
SGG Gürcüstanda təbii qaz bazarının inkişafı məqsədilə 2007-ci ildə yaradılıb. Bu illər ərzində şirkət 250 mindən çox yeni abonenti qaz şəbəkəsinə qoşub və hazırda ölkənin 600 minə yaxın qaz abonentinə xidmət göstərir. Eyni zamanda, şirkət Gürcüstanın qaz bölüşdürücü şəbəkəsində qaz itkisinin səviyyəsini təxminən 10 dəfə - 3%-dək azaldıb.
2018-ci ildə Azərbaycandan Gürcüstana 2,208 mlrd. kubmetr qaz tədarük olunub, bu da 2017-ci ilin göstəricisindən 22,8% çoxdur. 2019-cu ilin Gürcüstanın təbii qaz balansına əsasən, respublika Azərbaycandan 2 mlrd. 591,5 mln. kubmetr qaz idxal etməyi planlaşdırır. **