Azərbaycanın Buxarestdəki səfiri Hüseyn Nəcəfov etimadnaməsini Rumıniya prezidenti Klaus-Verner Yohannisə təqdim edib. Bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat verir.
H.Nəcəfov Azərbaycanın Cənubi Qafqazda Rumıniyanın strateji tərəfdaşı olduğunu və əlaqələrin bu gün də uğurla inkişaf etdiyini bildirib. Diplomat Rumıniyanın Avropa İttifaqında Azərbaycanın “yaxın müttəfiqi” olduğu vurğulayıb.
Səfir Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi müddətində Aİ ilə Azərbaycan arasında “Strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanması işinə töhfə və dəstək verəcəyinə əminliyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının Rumıniya tərəfindən dəstəkləndiyi minnətdarlıqla bildirilib.
Ölkələr arasındakı siyasi əlaqələri yüksək qiymətləndirən H.Nəcəfov iki ölkə arasında strateji tərəfdaşlıq zəminində iqtisadi əlaqələrin səviyyəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Prezident Klaus-Verner Yohannis iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, Bakı ilə Buxarest arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində qarşılıqlı olaraq səylərin artırılmasının vacibliyini bildirib.
“Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Buxarestin mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb”, - diplomatik missiyadan vurğulanır. **
R.Babayev