Azərbaycan və Belarus investisiya əməkdaşlığının möhkəmlənməsi və işgüzar əlaqələrin, eləcə də texnoparklar arasında əlaqələrin genişlənməsində maraqlıdır. Bu barədə Belarus KİV-i xəbər verir.
Məlumata görə, bu məsələ Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ilə Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçin görüşü zamanı müzakirə olunub.
"L.Qəndilov birgə şirkətlərin sayının artırılması mümkünlüyünü qeyd edib və Azərbaycanın iri texnoparkları ilə Çin-Belarus “Böyük daş” ("Великий камень") sənaye parkı arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması imkanlarını öyrənməyi təklif edib", - deyə məlumatda bildirilir.
Öz növbəsində, M.Myasnikoviç iki ölkənin bir çox istiqamətlər üzrə qarşılıqlı fəaliyyətində müsbət dinamikaya diqqət yönəldib.
"Azərbaycanda həm daxili bazara, həm də qonşu dövlətlər üçün işləyəcək birgə istehsalatlar yaradılıb. Belarus da Azərbaycan biznesinin fəaliyyəti üçün rahat şərait yaradır, investisiya layihələrinin reallaşdırılması ilə bağlı uğurlu nümunələr var", - deyə Respublika Şurasının sədri vurğulayıb.
Görüş zamanı, həmçinin Gəncə şəhərində elektrobusların birgə istehsalı ilə bağlı planlar da müzakirə edilib.*
Ə.Məmmədov