Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays alman şirkətlərinin Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələləri müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev bu gün T.Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Görüşdə alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olunub, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
İ.Əliyev və T.Barays əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan İ.Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.*
F.İsazadə