Nikol Paşinyanın məntiqini anlamaq çətindir. Bu barədə Ermənistanın baş nazirinin rəsmi İrəvanın “sülhə qarşılıq ərazilər” formulu üzrə Qarabağa dair danışıqlar aparmağa hazır olmaması şərhinə cavab olaraq Azərbaycan XİN-nin bəyanatında deyilir.
"Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrində, eləcə də münaqişənin həlli ilə bağlı, demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə, sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?", - bəyanatda deyilir.
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin sullarına cavabında bildirib ki, Ermənistan Qarabağ məsələsində sülhə qarşılıq hansısa ərazilərin qaytarılması imkanını müzakirə etməyəcək.
“Biz “sülhə qarşılıq ərazilər” formulunu müzakirə edə bilmərik”, - N.Paşinyan bildirib. **
Ə.Məmmədov