Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin zəruriliyini qeyd edir. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
“2016-cı ilin aprel ayında baş vermiş toqquşmalar bir daha sübut edir ki, ABŞ, Fransa və Rusiya həmsədrliyi ilə aparılan danışıqlar prosesinin aktivləşməsinə və münaqişənin qısa müddətdə həll olunmasına ehtiyac vardır”, - deyə E.Süleymanov ABŞ-ın Milli Müdafiə Universitetində (National Defense University) çıxışı zamanı bildirib.
Diplomat vurğulayıb ki, postsovet ölkələrində olan münaqişələr oxşar köklərə və elementlərə malikdir.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və Ermənistanın təcavüzkar siyasəti regionda sülh və inkişafa mane olan əsas amildir”, - deyə o bildirib.
Səfir, həmçinin universitetin tələbə və müəllimlərinin Azərbaycan-ABŞ münasibətləri və Azərbaycanın inkişafına dair suallarını da cavablandırıb.*
R.Babayev