2019-cu ildə "AzerGold" QSC tərəfindən Çovdar yatağından 50 min unsiya qızıl və 87 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub. Bu barədə şirkətin məlumatında deyilir.
“2019-cu ildə "AzerGold" tərəfindən Çovdar yatağının yerüstü (oksid) istismar mərhələsi çərçivəsində hasilat planına uyğun olaraq 50 min unsiya qızıl və 87 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub ki, bu da 2018-ci ilin qızıl hasilatından 10%, gümüş hasilatından 13% çoxdur”, - deyə məlumatda bildirilir.
Ötən il QSC tərəfindən Çovdar yatağından 45,49 unsiya qızıl və 77,34 unsiya gümüş hasil edilib ki, bu da 2017-ci ildə qızıl hasilatı üzrə göstəricilərdən 34%, gümüş hasilatı üzrə göstəricilərdən 53% çoxdur.
““AzerGold” QSC tərəfindən davamlı olaraq həyata keçirilən optimizasiya işləri və müasir texnologiyaların tətbiqi sayəsində qızıl hasilatının maya dəyəri aşağı düşüb. Çovdar yatağının uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 milyon 523,22 min manat vergi ödənilib”, - deyə məlumatda qeyd olunur.
Bu il Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, Filizçay yatağında, Ağyoxuş və Tülallar qızıl təzahürləri sahələrində, Ortakənd-Xanağa sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır.
2018-ci ildə "AzerGold" QSC tərəfindən yeraltı (sulfid) filizlərin ehtiyatlarını artırmaq məqsədilə Daşkəsən rayonunda yerləşən Çovdar yatağında, Çovdar yatağının yaxın cinahında yerləşən və "AzerGold" QSC-nin geoloqları tərəfindən ötən il kəşf olunmuş Ağyoxuş qızıl təzahürü sahəsində, Göygöl inzibati rayonunda yerləşən Tülallar sahəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində ümumilikdə 17 min metrədək buruq-qazma işləri aparılıb, Filizçay polimetal yatağı üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb.
“Aparılan tədqiqat və kəşfiyyat işlərinin məntiqi nəticəsi olaraq "AzerGold" QSC-nin istifadəsində olan sahə və yataqlar üzrə əlvan və qiymətli metal ehtiyatları beynəlxalq qiymətləndirmə standartları çərçivəsində təsdiqlənib, 2016-cı ilə nisbətdə 20 dəfəyə yaxın artıma nail olunub”, - deyə məlumatda bildirilir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova