Milli Məclisin spikeri Oqtay Əsədov ümid edir ki, Azərbaycan ərazilərinin hərbi işğalı və Dağlıq Qarabağda azərbaycanlıların qətlinin iştirakçısı olan Mixail Avaqyana Buqaşen qəsəbəsində Axalkalaki şəhərində büstünün qoyulması məsələsi ilə bağlı Azərbaycanın etirazları Gürcüstanda anlayışla qarşılanacaq.
“Düşünürəm ki, Gürcüstan dövləti bu fakta ciddi diqqət ayıracaq və məsələ müsbət həllini tapacaq”, - O.Əsədov bu gün parlamentin ilk plenar iclasında bildirib.
Spiker vurğulayıb ki, Azərbaycan XİN öncə Ermənistan tərəfinin bu təxribatçı addımına reaksiya verib.
“Avaqyana abidə ucaldan ermənilər Azərbaycan və Gürcüstan xalqları arasına dostluğu pozmağa çalışırlar”, - deputat Əflatun Amaşov qeyd edib.
Parlamentarilər Fazil Mustafa, Vahid Əhmədov və digərləri həmkarlarının mövqeyini dəstəkləyiblər.
Xəbər verildiyi kimi, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze Azərbaycan XİN-ə çağırılıb. Ondan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu faktın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.
Bununla əlaqədar Azərbaycanın Gürcüstandakı səfiri Dursun Hsənov Gürcüstan XİN-də görüş keçirib və bu faktla bağlı Bakının etirazını bildirib. **
R.Babayev