Azərbaycan Rusiya Federasiyasının bir sıra regionlarından heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilir.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Krasnodar diyarının ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - məlumatda deyilir.
Agentlik bildirir ki, bu qərar Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qəbul olunub.
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Krasnodar və Xabarovsk diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub. **
N.Abbasova