Azərbaycan parlamentində siyasi partiyaların fəaliyyətinin tənzimlənməsində qanunvericiliyin sərtləşdirilməsi təklif olunur
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" qanunun yeni redaksiyada qəbul edilməsini zəruri hesab edir.
“"Siyasi partiyalar haqqında" qanuna düzəlişlər etmək, ən yaxşısı isə yeni qanun hazırlayaraq qəbul etmək lazımdır", - deyə S.Novruzov parlamentin bu gün keçirilən birinci plenar iclasında bildirib.
Onun sözlərinə görə, bəzi müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasına (MSK) öz fəaliyyətləri haqqında maliyyə hesabatı təqdim etmir. "Ya da MSK-nı maliyyə imkanlarının olmaması barədə məlumatlandırırlar. Əgər belədirsə, o zaman işçilərin, cangüdənlərin saxlanılması üçün pul haradandır? Yəni onların fəaliyyəti naməlum mənbələrdən maliyyələşdirilir", - deyə deputat əlavə edib.
O vurğulayıb ki, müxalifət öz gizli maliyyə mənbələrinin pulu ilə" fitnəkar hərəkətlərə əl atır və aksiya keçirir. "Onlar sponsorlarının tapşırıqlarını yerinə yetirirlər. Onlarda "xalq", "dövlət" anlayışı yoxdur, onları yalnız pul maraqlandırır və öz sahiblərinin tapşırıqlarını pula görə yerinə yetirirlər. Buna görə belə vəziyyətin qarşısının qanunvericiliklə alınmasını zəruri hesab edirəm", - deyə S.Novruzov qeyd edib.*
R.Babayev