Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bütün sahələrində, o cümlədən maliyyə bazarının yenilənməsi üçün blokçeyn texnologiyasının tətbiqi istiqamətində fəal şəkildə işləmək niyyətindədir. Bunu AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Bildiyiniz kimi, IBM şirkəti ilə bağladığımız müqavilə rəqəmsallaşma strategiyasının yaradılmasını nəzərdə tutur. Dünən bizə blokçeyn texnologiyalarının geniş imkanları təqdim olunub və biz bu texnologiyaların tətbiqinin maliyyə-bank sektorunun effektivliyinin artırılması, xərclərin azaldılması, kağız daşıyıcıların dövriyyədən çıxarılması və digər istiqamətlərdə böyük imkanlar yaratmasının şahidi olduq. Biz digər dövlət qurumları ilə birlikdə blokçeyn texnologiyasının Azərbaycan ərazisində inkişafı üçün fəal şəkildə çalışacağıq”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ilin sonunadək blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemini tətbiq edəcək. Bunun üçün işçi qrupa ölkənin 8 kommersiya bankı və bir sıra dövlət qurumları cəlb olunub. Sistem müştəri haqqında lazımi informasiyanın kredit təşkilatlarına ötürülməsini tezləşdirməyə və bürokratiyanı azaltmağa imkan verəcək. Gələcəkdə sistem genişləndirilərək başqa sahələrdə də tətbiq edilə bilər.*
Ə.Məmmədov